Gömrük Komitəsi məhkəmədə xanım sahibkara uduzdu

Gömrük Komitəsi məhkəmədə xanım sahibkara uduzdu: 25 minlik mala 75 min qiymət qoymuşdu

Dövlət Kgömrük Komitəsi ilə mübahisədə olan “Ambiance Med” MMC şirkəti məhkəmədə komitəyə qalib gəlib.

İndex.az xəbər verir ki, sentyabrın 3-də Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib.

Bu haqda məlumatı "Azem&Partners" hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O, bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi:

«Sahibkar razılaşmadığı üçün (Gömrük Komitəsi) malları nə anbara buraxır, nə də rəsmiləşdirmirdi. Belə ki, idxal edilən malların dəyəri 20922 avro və ödənilməli rüsum 17 000 manat olsa da, gömrük orqanı «invoys azaldılıb» iddiası ilə, təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi»

Vəkil bildirib ki, sahibkarın hətta məhsulu isehsal edən zavoddan gətirdiyi arayış da Gömrük Komitəsi tərəfindən qəbul edilməyib: «Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etsə də Gömrük orqanı bu dəfə də sahibkarı həmin zavodla "əlaqəli şəxs" kimi qələmə verərək sənədlərin mötəbərliyinə şübhə ilə yanaşırdı».

Qeyd edək ki, Gömrük Komitəsi sahibkarın idxal etdiyi 20922 avro dəyərində malı fərqli qaydada qiymətləndirmişdi və ona 75 000 ABŞ dolları qiymət qoymuşdu. Belə olan halda sahibkardan 17 min manat əvəzinə 46 min manat rüsum ödəməsi tələb olunurdu.

«Gömrük orqanı iddia edirdi ki, bu malların apteklərdə pərakəndə satış qiyməti 75000 ABŞ dolları dəyərindədir ona görə də pərakəndə satış dəyərindən çıxılma üsulu ilə hesablayırıq».

Məhkəmə komitənin arqumentlərini qəbul etməyib: «Məhkəmə öz qərarı ilə sövdələşmənin əsas olduğunu əsas sayaraq gömrük orqanının yanaşmasının qanuni olmaması qənaətinə gəldi».

Vəkil gömrükdə problemi olan digər sahibkarları da məhkəməyə müraciət etməyə çağırıb. «Ölkəmizdə bir çox sahibkar bu problemə görə əziyyət çəksə də, nadir hallarda məhkəmə yolu ilə hüququnu müdafiə edənlər tapılır. Bu problemin hüquqi yolu vardır, Gömrük Komitəsinin bu cür yanaşması qanuni deyil və məhkəmələrin yanaşması obyektivdir. Ona görə də hüquqlarınızı haralarasa məktub yazmaqla deyil, məhkəmələr vasitəsi ilə təminat altına alın. Belə olduğu halda Gömrük orqanının yanaşması da zamanla dəyişəcək».

Xatırladaq ki, «Ambiance Med» MMC ilə gömrük xidmətinin mübahisəsi bir neçə aydır ki, davam edir. Şirkətin rəhbəri Elnarə Əliyeva bu ilin fevralında mediaya üz tutaraq problemi ictimailəşdirmişdi. Məsələ ilə bağlı FED,az-ın «Canlı Yayım»ında sahibkar bildirmişdi ki, problemin həlli üçün komitənin sədri Səfər Mehdiyevə müraciət etsə də, məsələ həll olunmayıb, qeyri-qanuni olaraq ondan 3 dəfə artıq ödəniş tələb olunub.

Hətta bununla bağlı komitə açıqlama yayaraq tələb olunan məbləği əsaslandırmağa çalışmışdı.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan