Image description

Səudiyyə Ərəbistanı ilə OPEC+ ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi.

İndex.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artıq “Brent” markalı neftin 1 barelinin qiyməti 67 dollardan baha satılır: “Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq pisxoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarızlığının qorunub saxlanmasına imkan verəcək”.

Deputat bildirib ki, gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: “2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, OPEC+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə “OPEC plus” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln125 min barrel, martda isə 7 mln 50 min barrel azaldılmasına qərar verilib.

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln barrel təşkil edəcək.