SOCAR-ın yeni vitse-prezidentləri kollektivə təqdim olunub

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2021-cı il tarixində, müvafiq Sərəncamları ilə SOCAR-ın vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim edib.

İndex.az SOCAR-a istinadən xəbər verir ki, yeni təyin olunmuş vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən Rövnəq Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli fəaliyyətdə olduqlarını söylyib.

O qeyd edib ki, Kənan Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrində uğurla çalışmış və yaxşı təcrübə qazanıb.





Zaur Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti, onun daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərdiyni və 10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulayıb.

R.Abdullayev yeni təyin olunmuş vitse-prezidentləri təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd etmiş və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışıb, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulayıb, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə edib.

Daha sonra SOCAR-ın vitse-prezidentləri K.Nəcəfov və Z.Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirmiş və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləyiblər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan