Image description

Biabırçılıqdır, indi məlum olur ki, məcburi köçkünlərdən 5 manatı “Kapital Bank” tutub.

İndex.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu son günlər məcburi köçkünlərdən dövlətdən aldıqları çörək puluna görə tutulan 5 manat pula münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin pul "Yaşat" Fonduna getsəydi, yenə qazilərimizə fayda dəyəcək deyə düşünüb, dözmək olardı: “Deməli, hər il “Kapital Bank” kart istifadəçilərindən 5 manat götürürmüş, bu ilə qədər həmin məbləği məcburi köçkünlərə görə “QaçqınKom” büdcədən ayrılan vəsaitdən ödəyib, bu ildən isə həmin xərci kart sahiblərinə yönəldib. Təsəvvür edirsinizmi, təxminən 600 minə  qədər məcburi köçkün kartla çörək pulu alır. Bu o deməkdir ki, hər il 3 milyon manata qədər (600 000 x 5 manat) vəsait “Kapital Bank”a ödənilib”. 

Ekspert deyir ki, bu il isə həmin məbləği məcburi köçkünlərdən çıxardırlar: “Məcburi köçkünlər də səsini çıxartmasınlar deyə, onları aldadırlar ki, deyirlər, danışmayın 5 manatı "Yaşat" Fonduna tuturuq, qazilərə xərclənəcək”. 

Q. İbadoğlu deyir ki, bununla əlaqədar 2 xüsusi   qeydi var: “ABŞ-da, Avropda, Türkiyədə bir çox banklar kartdan istifadəyə görə ödəniş haqqı tutmur. Əksinə, həmin banklar kredit kartdan istifadə etdikcə, bank   xərcləmələrin 1-5 faizinə qədərini əlavə olaraq hesablayıb kart sahibinə qaytarırlar. Bildiyim qədər Azərbaycanda da kartları pulsuz verən banklar var. Onda sual olunur, nədən məcburi köçkünlərə,  pensiyaçılara kart mütləq “Kapital Bank”dan verilməlidir? Sizi intizarda saxlamamaq üçün bu sualın cavabını da özüm verirəm. Çünki, “Kapital Bank”ın səhmlərinin   99.87 faizi “Paşa Holdinq”-ə məxsusdur”.   

Ekspert deyir ki, deməli, məcburi köçkünlərdən tutulan 5 manatın faydasını "Yaşat" Fondu deyil, “Paşa Holdinq” görəcək.