Eldəniz Səlimov YAP-dan çıxarıldı

Deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

İndex.az xəbər verir ki, bu barədə YAP Xaçmaz rayon təşkilatından məlumat verilib.

Bildirilib ki, YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.




©Modern.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan