Image description

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və yaxud 0,1% artaraq 1 678,4 min nəfər olub, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalaraq 722,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz