Image description

2017-ci ilin mart ayının sonunda Azərbaycanda bir ilk baş verdi. Təcrübəli bankir Şakir Rəhimov AccessBank-dan Bank Respublika-ya transfer olundu, üstəlik, ona 5.45%-lik səhm paketi təqdim olundu. Bank Respublika-nın səhmdarlarının ümumi yığıncağında qəbul olunan qərara əsasən, Şakir Rəhimova Müşahidə Şurasının sədri vəzifəsi həvalə olundu. Bununla yanaşı, bankın sahibləri nizamnamə kapitalının 20 milyon manat artırılaraq 77 milyon manata çatdırılması barədə də qərar qəbul etdi. Həmin vaxt iş adamı Natiq Quliyevin payı 46%, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil edirdi.

Beynəlxalq praktikada tez-tez rastlaşdığımız bu addım Azərbaycanda bir ilk idi. Bu ilkə isə Natiq Quliyev imza atdı. İş adamı həmin vaxt bunu belə şərh etmişdi: "Belə bir beynəlxalq təcrübənin bizim bankda tətbiqi, idarəetmədə iştirak edən şəxslərin bankın uzunmüddətli hədəflərində maraqlı olmasını təmin etmək məqsədini daşıyır. Mən belə bir innovativ yanaşma vasitəsilə bank sistemində peşəkarların idarəetməyə cəlb olunmasını Azərbaycanda ilk dəfə tətbiq etməkdən məmnunluq hissi duyuram".

Sadə dillə izah etsək, Şakir Rəhimovu şərik etməklə Natiq Quliyev daha çox pul qazanmağı hədəfləyirdi. Çünki yalnız Müşahidə Şurasının sədri kimi Şakir Rəhimov yalnız əməkhaqqı və bonus alacaqdı. Təbii ki, söhbət ciddi məbləğdən gedir. Lakin səhmdar qismində o bankın daha çox qazanması üçün əlindən gələni edəcəkdi ki, əldə olunan mənfəətdən 5.45% özünə götürsün.

Yeri gəlmişkən, Natiq Quliyevdən bu estafeti alan olmadı. Bank və sığorta sektoruna köhnədən qalma bir ənənə var - səhmdarlar həm də şirkətin rəhbəridir və bu mənzərəyə deyəsən uzun zaman dəyişməyəcək.

KİMDİR ŞAKİR RƏHİMOV?

Şakir Rəhimov hazırda hamımızın AccessBank adı ilə tanıdığı və 2002-ci ildə yaranan Azərbaycan Mikro Maliyyələşmə Bankında əvvəlcə təcrübə keçib, sonra isə mikrokreditləşmə sahəsində kredit mütəxəssisi vəzifəsində çalışmağa başlayıb. 2003-cü ildə onun vəzifəsi böyüyüb. Bir il böyük kredit mütəxəssisi vəzifəsinə işləyən Rəhimov 2004-cü ilin mart ayında yeni yaranan kiçik və orta biznes şöbəsində çalışmağa başlayıb və 2005-ci ildən etibarən həmin şöbəyə rəhbərlik edib. 2008-ci ilin aprel ayında isə o artıq Biznes bankçılığı departamentinin direktoru və İdarə Heyətinin üzvü idi.

Rəhimov Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir. O, Azərbaycan Dövlət İqtisad Universiteti bitirib, İngiltərənin Warwick Business School ali məktəbində Biznes administrasiyası üzrə magistr dərəcəsi alıb. Ardınca Stendford universitetində Strateji qərarlar və risklərin idarə edilməsi proqramı üzrə təhsilini davam etdirib.

Qayıdaq Natiq Quliyevə. Ona inansaq, iş adamı Şakir Rəhimovu 2014-cü ildən öz bankına cəlb etmək istəyirmiş. Onun arzusu 3 il sonra çin oldu: "Bankımızda digər bankların təcrübəsindən yararlanmaq məqsədilə, mən Azərbaycanda ən qabaqcıl bankirlərdən biri olan Şakir Rəhimovu Muşahidə Şurasına dəvət etmişəm. O, strateji planlaşdırılma və idarəçilikdə geniş bilik və təcrübəyə malik olan bir peşəkardır. Şakirlə 2014-cü ildən tanışam və elə həmin dövrdən onu banka cəlb etmək barəsində düşünmüşəm".

RƏHİMOVUN VAXTINDA NƏ DƏYİŞDİ?

Şakir Rəhimov Bank Respublika-ya gələndə bank sektoru devalvasiyanın dağıdıcı təsiri ilə silkələnmişdi. Bank 2017-ci ili 1.1 milyon manat zərərlə başa vurdu. Həmin ilin sonuna bankın aktivləri 684 milyon manat idi ki, bunun da 227 milyon manatı kredit portfelinin payına düşürdü. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə bankın aktivləri 893 milyon manat, kredit portfeli isə 260.4 milyon manat olub. Dərhal nəticə çıxarmağa tələsməyin. Gəlin, zərəri də müqayisə edək. Bank Respublika-nın zərəri il ərzində 46.3 milyon manatdan 1.1 milyon manata enmişdi. 2017-ci ildə əmanətçilər bankdan 157.2 milyon manat çıxarmışdı.

2018-ci ildə isə bank artıq mənfəətə çıxmışdı. Əldə olunan 9 milyon manatlıq qazancdan Şakir Rəhimova 450 min manat çatırdı. Bankın aktivləri 683.7 milyon manatdan 955.7 milyon manata yüksəlmişdi. Təkcə kredit portfeli il ərzində 119 milyon manat artmışdı. Bankın depozit portfeli isə 251.3 milyon manat artaraq 723 milyon manata çatdı. Həmin il bankın fəaliyyətini qənaətbəxş edən, şübhəsiz ki, səhmdarlar tərəfindən qəbul edilən cəsarətli addım idi. Məsələ burasındadır ki, Natiq Quliyev verdiyi sözə əməl etdi və nizamnamə kapitalını 57.5 milyon manatdan 73.5 milyon manata çatdırdı.

Bank Respublika 2019-cu ili 22.5 milyon manat mənfəətlə başa vurdu. Mənfəətin bölüşdürülməsindən Şakir Rəhimov 1.23 milyon manat əldə etdi. Bank Respublika isə artıq "milyarderlər klubu"na daxil oldu. Həmin il bankın aktivləri 1.34 milyard manatı təşkil edirdi. Müştərilər tərəfindən banka etibar olunan əmanətlərin həcmi isə 1.1 milyard manatı ötmüşdü.

2020-ci ildə pandemiya nəticəsində bzines aktivliyinin zəifləməsi bankın kredit portfelinə də neqativ təsir etdi. Kredit portfelinin və aktivlərin kiçilməsinə baxmayaraq, bankın aktivləri 1 milyard manatdan çox olaraq qalır. Amma ötən il bankdan depozit axını baş verib. İl ərzində Bank Respublika-nın depozit portfeli 1.1 milyar manatdan 690 milyon manata enib. Azalmanın əsas səbəbi hüquqi şəxslərin vəsaitini geri çəkməsi olub ki, bu da bank üçün ciddi siqnaldır. Ümumilikdə 2020-ci il də Bank Respublika üçün uğurlu olub. Ötən il əldə olunan 6 milyon manat xalis mənfəət bunun əsas göstəricilərindən biridir. Səhmdar kimi Şakir Rəhimov 327 min manat dividend götürüb.

Ümumiləşdirsək, Şakir Rəhimovun Bank Respublika-ya cəlb olunması son illərin uğurlu transferlərindən biri hesab olunmalıdır. Rəqəmlər hər şeyi gözəl izah edir...

Hazırladı: İlkin Əhməd