Image description

2016-cı ildə Malta vətəndaşlığı almış 2 min 200 nəfər içində çox maraqlı bir nüans var idi. Malta hökumətinin açıqladığı siyahıda Eldar Mahmud oğlu Qəribovun adına rast gəlmək mümkün idi. Cənab Qəribov vətəndaşlığı Fərdi İnvestor Proqramı (Individual Investor Programme - IIP) çərçivəsində ala bilib. Haqlı olaraq sual verə bilərsiniz ki, bir azərbaycanlının başqa ölkənin vətəndaşlığını almasında bir əngəl var? Var! Məsələ burasındadır ki, Eldar Qəribov həm də Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir.

MALTA VƏTƏNDAŞLIĞI ALIB

Malta 2014-cü ilin yanvarından, belə demək mümkünsə, vətəndaşlığın satışına başlayıb. "İnvestisiya əvəzində Malta vətəndaşlığı" proqramını hökumət 2013-cü ilin noyabrında qəbul edib və Avropa Komissiyası da onu təsdiqləyib. Proqrama əsasən, Malta (eləcə də bu ölkənin 2004-cü ildən üzv olduğu Avropa Birliyi) vətəndaşlığını 650 min avro ödəməklə almaq olar. Bu məbləğin 70%-i Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir. Yeri gəlmişkən, o zaman bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəldiyi qeyd olunurdu.

Sizcə Eldar Qəribovda bu qədər pul varmı? Əlbəttə ki, var. O, ölkənin ən tanınmış banklarından biri olan "Unibank"ın sahibi və rəhbəridir. Necə deyərlər, pulu puldan çıxır.

BANOPARTIN MÜKAFATINI ALIB

Eldar Qəribov Azərbaycan-Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - "Fransanın fəxri legion kavaleri ordeni"nə layiq görülüb. Qeyd edək ki, bu orden Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır. Mükafat 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib.

AZƏRBAYCANDA QAZANILAN PULLAR MALTADA XƏRCLƏNİB

"Unibank" ASC 1992-ci ildən fəaliyyət göstərir. Lakin bankın saytındakı hesabatlar 2004-cü ildən (əslində 2005-ci ildən dərc olunur, sadəcə illik müqayisə var) dərc olunmağa başlayıb. Həmin vaxtdan bankın dəyişməz rəhbəri Eldar Qəribovdur. Qəribov hər zaman bankın əsas səhmdarlarından biri olub. Bir çox banklar kimi, "Unibank" da 2015-ci ildə baş verən devalvasiyaya qədər "qaz vurub, qazan doldurub".

Index.az-ın araşdırmaları göstərir ki, 2015-ci ilə qədər Eldar Qəribov sırf səhmdar kimi 75.7 milyon manat (nəzərə alın ki, Müşahidə Şurasının sədri kimi əməkhaqqı+bonus alıb) qazanıb. Həmin vaxtda onun səhmdar kapitalındakı payı artıq 68.34%-ə çatmışdı.

2015-ci ildə manatın ucuzlaşması Eldar Qəribovun və onun komandasının bütün qüsurlarını üzə çıxardı. Həmin ili "Unibank" 22.3 milyon manat zərərlə başa vurdu. Üstəlik, bank 113.2 milyon manat məbləğində ehtiyat ayırmalı oldu. Bununla yanaşı, illik audit hesabatında "gözlənilməz xərc" qrafasının qarşısında 27.7 milyon manat rəqəmi qeyd edilib. Kiçik bir nüansı qeyd edək ki, bankın hesabatı dəfələrlə kiçilmişdi...

2016-cı ildə bankın zərəri artıq 117 milyon manatı ötdü. Maraqlıdır ki, bankın zərərlə işləməsi fonunda Eldar Qəribov Malta vətəndaşlığı alır...

Bankın zərərlə işləməsi səhmdarlara nizamnamə kapitalının artırılmasından başqa çıxış yolu qoymurdu. Gözlənilən baş verdi və 2017-ci ildə bankın kapitalı kəskin artırılaraq 125.7 milyon manata çatdırıldı. Elə həmin ili "Unibank" 46.3 milyon manat mənfəətlə bağladı. Maraqlıdır ki, Eldar Qəribov səhmlərinin 26.4%-ni satmışdı. Başqa sözlə, 41.9% səhm paketinə sahib olan Eldar Qəribov 19.4 milyon manat əldə etməyə müvəffəq oldu. Növbəti ili də "Unibank" mənfəətlə başa vurdu. 2018-ci ildəki 30.9 milyon manatdan Qəribova 12.9 milyon manatdan bir qədər çox vəsait çatdı.

2019-cu ildə bankir kapitaldakı iştirak payını birdən-birə 77.39%-ə çatdırdı. Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35.5%-lik səhm paketi üçün 44.6 milyon manatlıq sövdələşməyə imza atdı. Nəticədə AYİB-in "Unibank"dakı payı 9%-ə endi. 2019-cu ili "Unibank" 8.4 milyon manat mənfəətlə başa vurmuşdu. Başqa sözlə, Qəribov 6.5 milyon manat qazana bildi.

2020-ci il də "Unibank" və Eldar Qəribov üçün yaddaqalan oldu. O, AYİB-in qalan 9%-ni də alaraq, Avropa bankı ilə şərikliyə son qoydu və öz payını 86,4%-ə yüksəltdi. Ötən il "Unibank"ın mənfəəti 11 milyon manatdan bir qədər çox olub. Əldə olunan mənfəətin 9.5 milyon manatı Qəribovun cibinə gedib.

Hazırladı: İlkin Əhməd

Bizi Telegram-da izləyin: t.me/indexaz