Image description

Tanınmış iş adam İbrahim İbrahimov (Hacı İbrahim Nehrəmli) öz şirkətinin rəhbərliyindən istefa verib.

Index.az xəbər verir ki, bundan sonra "Avesta" konserninə Araz Ələsgər oğlu Nadirov rəhbərlik edəcək.

Hacı İbrahim Nehrəmli tikinti sektorunda həyata keçirdiyi layihələrlə gündəmi zəbt etsə də, sonradan küllü miqdarda borca görə layihələrini gerçəkləşdirə bilmədi.

Məsələn, onun məşhur "Xəzər Adaları" (Khazar Islands) 1 milyon əhalini süni adalar üzərində məskunlaşdıra biləcək şəhəri əhatə edən bir layihə idi. Bu layihə "Avesta" konserninin təşəbbüsü ilə ortaya çıxmışdı. Layihənin dəyəri 100 milyard dollar təşkil edirdi. Adalarda 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət və mədəniyyət mərkəzləri, ali təhsil ocaqları, "Formula-1" treki və "Azerbaijan Tower" adlı qüllə tikiləcəkdi.

Sonradan iş adamı yerli mediaya açıqlamasında dövlət qarşısında külli miqdarda borcu olması səbəbindən layihəni "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tabeliyinə verdiyini bildirmişdi.

Onun sözlərinə görə, əmlakın dəyəri 720 milyon manat civarında qiymətləndirildi: "Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum".

Banker.az

Bizi Telegram-da izləyin: t.me/indexaz