Image description

Daim Korporativ Sosial Məsuliyyət siyasəti və fəaliyyəti ilə fərqlənən PAŞA Holding və onun törəmə şirkətləri 2021-ci ildə də bu istiqamətdə fəal şəkildə layihələr icra etməyə davam edir. Belə ki, ilin əvvəlindən Şirkətlər Qrupunun əsas fokuslarından biri işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasına töhfə vermək, eləcə də Qarabağ Müharibəsi zamanı zərər çəkən şəxslərə dəstək göstərmək idi.

Bu məqsədlə, PAŞA Holding və onun bank (Kapital Bank və PAŞA Bank) və sığorta (PAŞA Sığorta və PAŞA Həyat Sığorta) müəssisələri tərəfindən Qarabağ Dirçəliş Fonduna ümumilikdə 2 milyon manat vəsait ianə edilib. Bundan əlavə, dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq məqsədilə Kapital Bank, real hadisələr əsasında çəkilən, Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışan “Qayıdış” qısa metrajlı sənədli filmin çəkilməsini maliyyələşdirib. Eyni məqsədlə PAŞA Bank və PAŞA Həyat BeləBeləİşlər media şirkəti ilə əməkdaşlıq çərçivəsində Qarabağ bölgəsində Azərbaycanın dini və mədəni irsinə, Qarabağın tarixinə, eləcə də şəhidlərə həsr olunmuş çarxların buraxılmasını dəstəkləyiblər. Kapital Bankın nəzdində yaradılmış “Qırmızı Ürəklər” xeyriyyə fondu, müharibə dönəmində olduğu kimi, müharibədən sonraki dövrdə də Qarabağa həsr olunmuş fəaliyyətlərinə davam edib. Bank və Fond tərəfindən qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət “International Community of Azerbaijan”ın təşkilatçılığı ilə “Qarabağın səsi” adlı onlayn tədbir həyata keçirilib. Tədbir zamanı edilən bütün ianələr və humanitar yardım “Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılıb.

Şirkətlər tərəfindən digər istiqamətlər üzrə də sosial layihələr icra edilib. PAŞA Sığorta, ötən il olduğu kimi bu il də SOS Uşaq Kəndinə mütəmadi olaraq ianələr köçürməyə davam edir. PAŞA Holding-in maddi dəstəyi ilə Gəncə SOS Uşaq Kəndinin istifadə edilməyən ofis sahəsi əsaslı təmir edilərək icma və SOS Uşaq Kəndləri sakinlərinin istifadəsi üçün kitabxanaya çevrilib. Eyni zamanda, PAŞA Holding-in maliyyə dəstəyi ilə Birgə və Sağlam İctimai Birliyi tərəfindən “Autizm Könüllüləri” layihəsi həyata keçirilib. Layihəyə gələcək karyerasını autizmli fərdlərlə işləmək üzrə qurmaq istəyən gənc könüllülər cəlb edilib və onlara sözügedən istiqamət üzrə lazımi bilik və bacarıqların təqdim olunması ilə təlimlər keçirilib. Kapital Bank, öz növbəsində, “Qırmızı Ürəklər” Xeyriyyə Fondu ilə birgə Daun sindromlu şəxslər üçün olan “Hər şey mümkündür!” layihəsini icra edir. Layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan Daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətli təlimlərin təşkil edilməsi məqsədilə vəsait ayrılacaq. Həmçinin BirBank mobil tətbiqinin istifadəçiləri 10 aprel 2021-ci il tarixinədək Daun sindromlu şəxslərin reabilitasiyası üçün ianələr edə bilərlər. Daim Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən PAŞA Sığorta ötən il PAŞA Holding-in dəstəyi və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə “Güvənli Gələcək” adlı sosial layihəyə start vermişdir ki, bu layihə hazırda da davam etməkdədir. Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” və “Bullinqə son!” adlı təhlükəsizlik üzrə təlimlərinin keçirilməsidir.

Mart ayında şirkətlər tərəfindən icra olunan layihələrin əksəriyyəti bu ayda yer alan bayramlarla əlaqəli olub. Belə ki, Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Women of Azerbaijan” layihəsini icra edib və ölkənin tanınmış sahibkar xanımlarının müsahibələrindən ibarət platforma hazırlayaraq onu sosial şəbəkələrdə yerləşdirib. PAŞA Bank, öz növbəsində, Azərbaycanı rəsmi “Ironman” yarışmasında təmsil edən və məsafəni təyin olunmuş müddətdə tamamlayaraq “Ironwoman” adını qazanan ilk qadın iştirakçıya 10.000 AZN məbləğində mükafatın təqdim olunması öhdəliyini üzərinə götürüb.

PAŞA Bank əməkdaşları 18 mart tarixində Sumqayıt şəhərində yaşayan yaşlı şəxsləri ziyarət edərək onları bayram hədiyyələri ilə sevindiriblər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə həyata keçirilən bu xeyriyyə təşəbbüsü çərçivəsində ümumilikdə 50 ailə ilə görüş keçirilib. Novruz bayramı ərəfəsində oxşar aksiya PAŞA Sığorta və PAŞA Həyat tərəfindən də həyata keçirilib. Bundan əlavə, PAŞA Həyat Novruz bayramı ərəfəsində şəhid ailələrini də ziyarət edib və onlara bayram sövqatları çatdırıb.

Qeyd edək ki, PAŞA Holding-in xarici ölkələrdə fəliyyət göstərən maliyyə törəmə şirkətləri də sosial məsuliyyət fəaliyyətinə diqqət ayırır. 21 mart 2021-ci il tarixində PAŞA Bank Gürcüstan Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilimiş ağacəkmə və meşə təmizləmə layihələrinə qoşulub.