Image description

Dövlət Gömrük Komitəsinin "AZƏRTERMİNALKOMPLEKS" Birliyi tenderin qalibini elan edib.

Komitə yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işlərin yerinə yetirilməsi tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "FF Construction" MMC olub.

Dövlət Gömrük Komitəsinin "AZƏRTERMİNALKOMPLEKS" Birliyi qalibə 7 milyon 576 min 420 manat ödəyəcək.

İndex.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “FF Construction” MMC yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işləri bir il ərzində görəcək.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan “FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.

21.12.2005-ci il tarixində dövlət qeydiyyatına alınan “FF Construction” MMC-nin “FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir. “FF Şirkətlər Qrupu” isə "Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.

Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da qeyd edək ki, FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi "Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.

Fed.az