ASA Moskvada beynəlxalq sığorta konfransında

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər heyəti, Azərbaycan Mərkəzi Bankının yerli sığorta bazarının beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq inkişaf etdirilməsi strategiyasına uyğun olaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işgüzar səfərdə olub.

ASA-dan verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasının sədri Azər Əliyev və İcraçı direktor Elmar Mirsalayev, ASA ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında imzalanmış Memoranduma əsasən, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində baş tutan “ESG-Insur 2021” – Sığorta sektorunda ESG prinsiplərinin tətbiqinə dair I Beynəlxalq Konfransda iştirak ediblər.

Konfransda qlobal maliyyə bazarlarının növbəti illər üzrə inkişaf strategiyalarında ESG-nin (ekoloji, sosial və korporativ idarəetmə) davamlı təşviq imkanları əsas müzakirə mövzularından olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər heyəti Ümumrusiya Sığortaçılar Birliyinin sədri İqor Yurgens ilə görüşərək iki qurum arasındakı əlaqələri tənzimləyən Memorandum çərçivəsində növbəti mərhələdə birgə həyata keçiriləcək tədbirləri müzakirə edib.

ASA rəsmiləri Konfrans çərçivəsində eyni zamanda yerli sığorta bazarının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə Rusiyanın sığorta və təkrarsığorta sahəsi üzrə ixtisaslaşmış nüfuzlu “Sber Straxovanie”, “AIG”, “Rosqosstrax”, “Zurich” şirkətlərinin və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərlikləri ilə də təkbətək görüşlər keçirib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Assosiasiya rəhbərliyi səfər çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Rusiya Beynəlxalq Araşdırmalar Birliyinin ənənəvi olaraq təşkil etdiyi və Rusiyanın xarici siyasətinin təkamülünü, sosial siyasətin müasir reallıqlarda transformasiyasını, yeni müstəqil dövlətlərlə münasibətlərin xüsusiyyətlərini və dinamikasını müzakirəsinə həsr etdiyi, əsasən iki mindən çox rusiyalı və xarici alimləri bir araya gətirən XIII Konventində də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında 2021-ci ilin 16 iyul tarixində qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT