Gömrük Komitəsinin yeni binasına əlavə 9.4 milyon manat xərclənəcək

Dövlət Gömrük Komitəsi (DGK) yeni inzibati binada kommunal infrastrukturun yaradılmasına 9.4 milyon manatdan çox vəsait yönəldəcək.

Index.az xəbər verir ki, DGK bu işlərin həyata keçirilməsi məqsədilə «ALFA-R Engineering» MMC-ni cəlb edib. Şirkətlə 9 milyon 428.2 min manat məbləğində müqavilə imzalanıb.

İşlərin həcminə yeni inzibati binanın isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması daxildir.

Xəbər verildiyi kimi, DGK yeni inzibati binanın inşasına 30 milyon manat yönəldəcək (cari məzənnə ilə $17.65 milyon). Qeyd olunan işlərin həyata keçirilməsi üçün "Progress" sənaye-istehsalat şirkəti podratçı qismində cəlb olunub. (İnterfax-Azerbaijan)

Bizi Facebook-da izləyin: INdexAzerbaijan