BVF-dən Azərbaycan iqtisadiyyatı üzrə PROQNOZ

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 3% artacaq.

İndex.az fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə isə 2,3%-lik artım gözlənilir.

Qeyd edək ki, BVF-nin aprel proqnozunda 2021-ci il üçün 2,3%-lik, 2022-ci il üçün isə 1,7%-lik böyümə vəd edilirdi.

Son məlumatlara gəldikdə, cari ilin ilk səkkiz ayında Azərbaycan iqtisadiyyatının artım tempi 3,6%-ə çatıb.

Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.

Eyni zamanda, hesabatda deyilir ki, BVF Qlobal ÜDM-in bu il 5,9%, gələn il isə 4,9% artacağı gözlənilir.

Fond 2021-ci il üçün dünya ÜDM proqnozunu bir qədər pisləşdirib (iyul proqnozları ilə müqayisədə 0,1 faiz bəndi), 2022-ci il üçün proqnozu dəyişməz saxlayıb. Sənəddə qeyd olunur ki, proqnozun pisləşdirilməsi qismən tədarük zəncirindəki fasilələr səbəbi ilə inkişaf etmiş iqtisadiyyatlar və aşağı gəlirli inkişaf etməkdə olan ölkələr üçün vəziyyətin pisləşməsini əks etdirir.

Eyni zamanda, BVF-nin proqnozuna görə, 2022-ci ildən sonra qlobal ÜDM-in artım tempi yavaşlayacaq və orta perspektivdə təxminən 3,3% təşkil edəcək.

Ümumiyyətlə, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin bir qədər pisləşməsinə baxmayaraq, BVF dünya iqtisadiyyatının dirçəlişdə olduğunu qeyd edir.

APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan