Çörəklə bağlı yeni standart nəyi dəyişəcək? - AÇIQLAMA

Buğda unundan hazırlanan çörəyə dair yeni AZS 899:2021 standartı özündə altı standartı birləşdirəcək.

İndex.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycanda böyük çörək istehsalçılarından biri olan müəssisənin Keyfiyyətə nəzarət departamentinin direktoru Eldəniz Abışov məlumat verib.

O bildirib ki, məhsuldan-məhsula, xüsusilə də çörəkdə turşuluq, nəmlik, məsafəlilik, ölçü və çörəyin çeşidlərinə görə texniki göstəricilər dəyişir:

“AZS 899:2021 standartının əvvəlki qəbul edilən standartlardan müəyyən fərqi mövcuddur. Daha əvvəl milli çörək növlərində tələblər, milli çörək məmulatlarının texniki şərtləri, eləcə də, çörək-bulka məmulatlarının, pəhriz və yağlı çörəyin texniki şərtləri fərqli idi. Dövlət üzrə altı standart mövcud idi. Yeni dövlət standartı isə bunların hamısını bir standartda birləşdirdi. Yeni qərar ilə çörək məmulatları bir standart altında istehsal olunacaq”.

O bildirib ki, üzərindəki etiket məlumatlarından tutmuş qablaşdırma, hətta daşınma qaydalarında da yeni standartın tələbləri mövcuddur:

“Bütün məhsullar müəyyən standartlar əsasında istehsal olunur. İstehsalçılar müraciət edərək həmin standart və lisenziyaları alırlar. Standartlara görə müvafiq texniki göstəricilər mövcuddur. İstehsal da məhz həmin texniki göstəricilərə əsasən nizamlanır. Nəticədə hazır məhsul tələb edilən parametrlərə uyğun olarsa, onun satışına icazə verilir. Əgər məhsul bu parametrlərə uyğun olmasa, geri göndərilir”.

Qeyd edək ki, artıq ölkədə çörəklə bağlı “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən hazırlanmış yeni dövlət standartı qəbul edilib. Bu standart istehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan