Cəbrayılda sənaye parkı, məktəb və xəstəxananın inşasına pul ayrılıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

İndex.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" fərmanda öz əksini tapıb.

Bundan başqa, Prezident İlham Əliyev "Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncamla Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Həmçinin, Prezident İlham Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan