Mərkəzi Bank Rəqəmsal İdentifikasiya Sistemini istismara verdi

Mərkəzi Bank Rəqəmsal İdentifikasiya Sistemini istismara verdi

img



Prezident İlham Əliyevin Azərbaycanda maliyyə inklüzivliyinin artırılması, o cümlədən qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəyə gətirilməsi, rəqəmsal transformasiya tədbirlərinin sürətləndirilməsi, elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi və bu xidmətlərin əhali üçün daha əlçatan edilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Azərbaycan Mərkəzi Bankı (AMB) bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirməkdədir.

 

İndex.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, qeyd olunanları, habelə dövlət başçısının 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritet hədəfləri nəzərə alaraq, AMB IBM şirkəti ilə birlikdə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradıb. Layihə çərçivəsində ölkədə ilk dəfə "Hyperledger Fabric" blokçeyn platforması tətbiq edilib, məlumatların həmin paylanılmış reyestr texnologiyası əsasında verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin olunub. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, “müştəri-bank” münasibatlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olub.

 

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman "Öz Müştərini Tanı" siyasətinə uyğun olaraq onların identifikasiya edilməsilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılıb. Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ əldə etməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib.

 

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri (https://bankid.az, https://bankmartket.az) və mobil tətbiqi (Android və iOS platformalı) vasitəsilə daha əlçatan olub. Hazırda “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Express Bank”, “Kapital Bank”, “Muğan Bank”, “Rabitəbank”, “Unibank” və “Bank VTB Azərbaycan” ASC-lər, eləcə də "Access Bank" QSC RİS-ə inteqrasiya olunub.

 

Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

 

Report