Qiymətləndirmə zamanı yaranan mübahisələrin alternativ həlli – Sığortaçılara tövsiyə

Qiymətləndirmə zamanı yaranan mübahisələrin alternativ həlli – Sığortaçılara tövsiyə

img



Dəyişən zaman şərtləri istehsalçı, xidmət seqmenti və istehlakçı davranışlarına və bu iki tərəf arasında qarşılıqlı münasibətlərin yeni formada qurulmasına sirayət edir. Xüsusilə də qlobal staqnasiya mərhələsində data-analitikaya əsaslanan yeni və innovativ tətbiqlər aktuallıq qazanır.

 

İndex.az Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki. bu gün Azərbaycanın sığorta sistemi real dinamikasını və inkişaf trayektoriyasını genişləndirmək üçün texnologiyanın təqdim etdiyi üstünlüklərdən yararlanır. Sevindirici haldır ki, texnoloji tətbiqlər də hər ötən gün yenilənib daha da müasirləşir. Bu sürətli yenilənmə prosesinə uyğunlaşmaq isə dövrün əsas şərtidir.

 

Dünya təcrübəsi göstərir ki, texnologiyanın üstünlüklərinə daha çox boşluqların doldurulması və real müstəvidə mövcud baryerlərin aradan qaldırılması halında zərurət yaranır.

 

Bəs hansı sığorta növündə texnoloji üstünlüklər tətbiq oluna bilər?

 

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın sığorta bazarında daha aktiv işləkliyi ilə fərqlənən sığorta növü məhz “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növüdür. İmperativlik özəlliyi və daha geniş sığortalı tərəfindən istifadə olunması adı çəkilən növün aktual istiqamət olduğuna işarədir. İşlək növ olduğu üçün də bu növ üzrə sığorta hadisələrinin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir. Hadisə sayı çox olduğu üçün də, təbiidir ki, tərəflər arasında yarana biləcək mübahisəli məqamlar qaçılmaz olur. Burada mübahisəli məqamlar daha çox sığorta hadisə baş verdikdən sonra dəyən zərərin qiymətləndirilməsi zamanı yaranır.

 

Bu problem necə aradan qaldırıla bilər?

 

Bununla bağlı, artıq 5 ildir ki, Azərbaycanın sığorta bazarına xidmət göstərən “Audotex” şirkətini misal göstərmək olar. Şirkət 90 ölkədə fəaliyyət göstərir. Artıq yerli bazar iştirakçılarının bir qismi bu şirkətin təklif etdiyi real qiymətləndirilmə xidmətlərindən yararlanır. Xidmətin başlıca məqsədi təmir metodologiyası, dələduzluq hallarının azaldılması, şəffaflıq, düzgün qiymətləndirmə, servis mərkəzləri tərəfindən artıq hesablamanın qarşısının alınması və ən önəmli məqamlardan olan müştəri məmnuniyyətidir.

 

İnformasiyanın əhəmiyyətinin hər an dəyər qazandığı yeni dövrün data əsri olduğunu nəzərə alsaq, bu kimi sistem texnologiyalarından istifadə labüd hala çevrilir.

 

Mövcud istiqamətdə data-bazanın formalaşdırılmasından əlavə bu sistem həm də sığorta şirkətlərinə öz zərərlərini idarə etmək imkanı yaradır. Sığorta şirkəti adi halda qiymətləndirmə nəticəsində ödədiyi pulun reallığa uyğun olub-olmadığını təyin edə bilmir. Sığorta şirkətlərinin əlində bunu dəqiqləşdirmək üçün əsaslı məlumat olmaya bilər. Servis mərkəzləri də bu məlumatsızlıqdan istifadə edərək artıq hesablamalar aparırlar. Bu da nəticədə sığorta şirkətinin zərərliyini artırır. “Audotex”dən istifadə etməklə sığorta şirkəti real qiymətlərdən xəbərdar ola və servis mərkəzi qarşısında müəyyən tələblər irəli sürə bilər. Nəticədə sığorta şirkəti həm xərclərinə qənaət edir, həm də müştəri məmnuniyyətini təmin etmiş olur.

 

Məsələn, avtomobilin hər hansı bir hissəsinin sökülüb-yığılması və ya rənglənməsi üçün nə qədər vaxt getməsi, nə qədər material sərf olunması və reallıqda bunların istehsalçı tərəfindən hansı normalarla təyin edilməsi cəmiyyətə qapalı olan məlumatlardır. “Audatex”in əsas missiyası da məhz bu məlumatların cəmiyyətə təqdim edilməsindən ibarətdir.

 

Maraqlıdır ki, dünyada bu xidməti təklif edən sadəcə 5-6 şirkət var. Sevindirici haldır ki, bu gün Azərbaycan sığorta bazarı dövrün tələbi olan bu kimi texnoloji yeniliklərdən yararlanmaq imkanı qazanıb.

 

Zərərlərin doğru qiymətləndirilməsi şəffaflığı təmin etməklə yanaşı, həm də yarana biləcək mübahisələrin qarşısını almış olur. Nəzərə alaq ki, yaranan hər bir mübahisəli məqam xidmət göstərən şirkətlə yanaşı, həm də və əsasən sektorun imicini zədələyib, ümumi inkişaf dinamikasına maneələr yarada bilər. Məhz bu kimi neqativ tendensiyaların qeydə alınmaması məqsədi ilə xidmət istiqamətlərinin avtomatlaşdırılması, mobilləşdirilməsi və funksional üstünlüklərlə zənginləşdirilməsi dönəmin labüd tələbidir.