Azərbaycanda elektromobillərə maraq niyə azdır?

Günümüzdə avtomobil həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Gündəlik olaraq bu və ya formada avtomobildən istifadə edirik. Avtomobillərin üstünlükləri olduğu qədər mənfi tərəfli də kifayət qədər çoxdur. Bunun da başında məhz ekologiyanın çirklənməsidir. Dünya ölkələri bu problemi çözmək üçün benzin və dizel yanacağı ilə çalışan avtomobillərdən imtina edərək elekrtiklər işləyən (elektromobil) avtomobillərə keçid edir.

Qeyd edək ki, dünyanın əksər ölkələri artıq “Aİ-92” markalı avtomobil benzinindən tam şəkildə imtina edib. Bu yanacaq növünün ekelogiyanı həddindən artıq çirkləndiriyi üçün Türkiyə, Polşa, Macarıstan, Çexiya, Avstriya, Latviya, İspaniya, Estoniya, İsveçrə, İsveç, Norveç, Niderland, Fransa, Danimarka, Belçika və bir sıra ölkələr bu qərarı alıb. Ümumilikdə Avropanın 50 ölkəsi “Aİ-92” markalı benzinindən istifadə etmir.

Avropa eklogiyanı qorumaq üçün mərhələli şəkildə benzidən tam şəkildə istifadə edərək elektromobillərə keçid edir. Azərbaycanda da elektromobillər istifadə olunsa da, bu, ümumi avtomobil bazarına münasibətdə çox cuzi saydadır. Məsələn, Dövlət Gömrük Komitəsinin 2020-ci il üzrə məlumatına görə, ölkəyə 5 080 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib. Yalnız eketriklər işləyən avtomobillərin sayı isə ümumilikdə 167 ədəd olub.

Bu il isə ölkəyə gətirilən elektromobillərin sayı daha da azalıb. Rəsmi rəqəmlərə görə, bu ilin ilk 5 ayında ölkəyə xaricdən 31 220 ədəd avtomobil gətirilib və bunun cəmi 29 ədədi müasir, ekoloji, elektriklə işləyən avtomobillərdir.

Maraqlıdır, Azərbaycanda elektromobillərə maraq niyə azdır?

Burada əsas diqqəti çəkən məqam gömrük ödəmələrinin yüksək olmasıdır. Qeyd edək ki, elektromobillərin Azərbaycana gətirilməsi üçün gömrük rüsumu yoxdur, ancaq avtomobillərin qiymətinin 15 faizi dəyərində əlavə dəyər vergisi ödənilir. Bundan əlavə isə gömrükdə rəsmiləşdirmə rüsumu alınır. Bu da 150 manat civarındadır. Məsələn, “Hyundai Ioniq Electric” Azərbaycanda təqdim olunan ilk eketromobildir. Zavod satışı 17 min 800 dollar (30 min 260 manat) olan avtomobil üçün 4 min 539 manat ƏDV və 150 manat gömrük rəsmiləşdirilməsi rüsumu alınır.

Amma bu avtomobilin Azərbaycandakı satış qiyməti 35 min dollardır (59 min 500 AZN). Dövlət Gömrük Komitəsi də buna istinad edərək daxili bazarı qorumaq adı ilə məhz daxil bazardakı qiymətə uyğun hesablama aparır. Yəni zavod qiyməti 17 min 800 dollar olan avtomobil üçün Gömrük Komitəsi ümumilikdə 4 min 689 manat deyil, 9 min 75 manat tələb edir.

Ekspertlər hesab edir ki, hazırda Azərbaycanda elektromobillərin geniş yayılmamasının başlıca səbəbi məhz gömrük ödəmələrinin həddindən artıq yüksək olmasıdır. Baxmayaraq ki, "Azərbaycanda elektrik avtomobillərin sayının artırılmasına necə nail olmaq olar” mövzusunda dəfələrlə müzakirələr aparılıb, təkliflər verilsə də, nəticədə müsbətə doğru dəyişmir.Ümumilikdə isə təklif olunur ki, ekologiyanın qorunması üçün hökumət elektromobillərə tətbiq olunan gömrük ödəmələri ləğv etməli və ya sinvolik rəqəm tətbiq edilməlidir.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı, hətta ətraf ölkələrdən belə azdır:



“Adambaşına düşən hibrid və elektriklə işləyən avtomobillərin sayı Gürcüstanda bizdən dəfələrlə çoxdur, Rusiyada da, Ermənistanda da bu tendensiya artır. Amma Azərbaycanda təəssüf ki, ekoloji təmiz avtomobillərə çox yavaş addımlarla keçid edilir. Bunun əsas səbəbi təbii ki, gömrük siyasətidir. Azərbaycanda gömrük siyasəti kökündən yanlışdır. Avtomobillərin gömrük rüsumlarının isə həddindən artıq yüksək olması bu sahəyə vətəndaşların yönəlməsinə maneçilik yaradır. Hibridlər işləyən avtomobillərdə ümumiyyətlə, Gömrük Komitəsi heç bir güzəşt etmir. Bu növ avtomobillərə həm ƏDV, həm də gömrük rüsumu hesablanır. Bundan əlavə Gömrük Komitəsi rəsmi invoysları belə nəzərə almır, ƏDV və rüsumları bazar qiymətlərinə uyğun hesablayırlar ki, bu da həm qanunsuz, həm də ödənişlərin həcminin şişməsinə səbəb olur.Bu da vətəndaşları çəkindirən əsas amildir.

Eketriklə işləyən avtomobillərdə isə 15 faizlik ƏDV var. Bu isə çox yüksək rəqəmdir. Elektriklə işləyən avtomobillərin yeni olduğunu və baha olduğunu nəzərə alsaq, dəyərinin 15 faizinin ƏDV kimi ödəməsi vətəndaşları çəkindirən faktora çevrilib. Dəfələrlə təklif etmişik ki, elektriklə işləyən avtomobillər ölkəyə sıfır rüsum, sıfır vergi ilə gətirilməlidir. Belə olan halda vətəndaşlarda maraq yaranacaq. Hibridlə işləyən avtomobillərin gömrük rüsumları və vergi dərəcələri çox aşağı, təxminən 3-5 faiz civarında olmalıdır ki, vətəndaşlar ənənəvi avtomobillərə nisbətən elektromobillərə üstünlük versinlər”.

Cebhe.info

Bizi Facebook-da izləyin: INdexAzerbaijan