Image description

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti "Azərkosmos" ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

İndex.az "Azərkosmos" ASC-yə istinadən xəbər verir ki, müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edir.

Şirkət hazırda Qərbi Afrikada 20-dən çox televiziya və radio kanalı yayımlayır və yüksək keyfiyyətli infrastrukturu ilə video məzmunun kanallara asanlıqla paylanmasını təmin edir.

“Bu əməkdaşlıq sayəsində, xüsusilə Qərbi Afrika bölgəsində olan milyonlarla izləyicimiz üçün populyar kanalları HD formatında fasiləsiz yayımlayacağıq”, – deyə “View Satellite Network” şirkətinin baş icraçı direktoru Maksvel Osei bildirib.

“View Satellite Network” şirkətinin müasir və yüksək texnologiyalı yayım şəbəkələri “Azerspace-2” peykinin imkanlarının səmərəli istifadəsinə zəmanət verir. Bizim əməkdaşlığımız Afrikadakı gələcək layihələrimiz üçün “Azərkosmos”un etibarlı partnyor olduğunu bir daha sübut edəcək”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.