Image description

“Bu ilin fevralın 18-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb”.

İndex.az xəbər verir ki, bunu “Report”a “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirib.

Onun sözlərə görə, həmin müqavilərə görə, Azərbaycanla Türkiyə arasında 4 müəssisə açılacaq: “Bu müəssisələrdə 720-ə yaxın insan iş yerləri ilə təmin ediləcək. Müəssisələr Sumqayıt Kimya-Sənayə Parkında yaradılacaq. Layihələrin ümumi investisiya dəyəri 15 milyon ABŞ dolları təşkil edir. Hər iki ölkənin şirkətləri investisiya qoyuluşunda bərabər paya sahibdirlər. Müəssisələrdən ikisi yaxın 6 ayda tikiləcək, digər 2 müəssisənin tikintisi isə növbəti ilə planlaşdırılır”.

Bununla yanaşı, S.Babayeva forum çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri olaraq Türkiyənin Beynəlxalq Sərmayə və Biznes Konfederasiya ilə birgə sənəd imzaladı: "Bu, iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Türkiyənin Beynəlxalq Sərmayə və Biznes Konfederasiyasının 167 ölkədə nümayəndələri var, konfederasiya xarici dövlətlərdə qadınlarımızın istehsal etdiyi məhsulların satışına dəstək olacaq”, -S.Babayeva əlavə edib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan binzes forumu çərçivəsində hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard ABŞ dolları, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard ABŞ dolları təşkil edib.