Image description

Bakı Nəqliyyat Agentliyi (BNA) “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı yaşayış məntəqəsi bağlanan və məhdudiyyət qoyulan ərazilərə təsadüf edən şəhər sakinlərinə avtomobillər üçün müvəqqəti keçid vərəqələri paylamağa başlayıb.

Index.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva məlumat verib.

Onun sözlərinə görə, bu vərəqələr üç bağlı zona üzrə təqdim olunacaq: “Vərəqlərin verilməsi iyunun 6-dək davam edəcək. Mənzil İstismar Sahələri, İçəri Şəhər Dövlət Qoruğu üzrə vərəqələr paylanır. Sakinlərə xatırlatmaq istərdim ki, lazımi məlumatları BŞH-nin veb-saytından götürsünlər və aidiyyatı üzrə müraciət edərək, həmin vərəqələri alsınlar. Məhdudiyyətlər keçici xarakter daşıyır və anlayışla qarşıladıqları üçün sakinlərə təşəkkür edirəm”.

Ayan Nəcəf-Ağayeva bildirib ki, bulvar ərazisində hərəkət məhdudiyyəti olmayacaq: “Yalnız Hilton oteli yaxınlığındakı keçid yarış məqsədilə istifadə olunduğu üçün həmin ərazidə məhdudiyyət tətbiq olunacaq. Sakinlərin onun yaxınlığındakı Rəşid Behbudov küçəsində yerləşən keçiddən istifadə etmələrini tövsiyə edirəm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda Bakıda keçiriləcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz