Image description

Müsahibimiz 15 illik təcrübəyə malik “Instinct” reklam agentliyinin (10 ildir fəaliyyət göstərir) təsisçisi və rəhbəri Vüqar İsgəndərovdur (Vüqar Sənani kimi tanınır).

Vüqar Sənaninin rəhbərliyi altında “Instinct” şirkəti yalnız yerli şirkətlərin deyil, həm də xarici bazar təmsilçilərinin gücünə güc qatıb. Adıçəkilən reklam agentliyi reklam məhsullarının hazırlanması və onların TV, radio və rəqəmsal reklam platformalarında yerləşdirilməsi ilə məşğuldur. “İnstinct” 2015-ci ildən etibarən “Google”un Azərbaycanda rəsmi tərəfdaşıdır. Vüqar Sənaninin komandası 2018-ci ildən "CBC Sport" televiziya kanalının eksklüziv reklam partnyorudur. Həmsöhbətimiz bazardakı hər bir tendensiyadan xəbərdardır.

Müsahibəni təqdim edirik:

- Yerli reklam bazarını necə qiymətləndirərdiniz?

- Təvazökarlıqdan kənar olsa da, düşünürəm ki, artıq 15 ilə yaxındır bazarda olduğum üçün bu barədə danışmağa haqqım çatır. Təbii ki, çatışmazlıqlar var, amma yerli reklam bazarı durmadan inkişaf edir. İstənilən ölkənin bazarı kimi, bu bazarın da özünəməxsusluğu var. Bir çoxları üçün bu bazar qarışıq görünə bilər, amma işini peşəkarcasına görən yerli şirkətlər üçün çox aydın və rahatdır. Müştəri bizi niyə seçir? Çünki biz onun etimadını doğrultmuşuq. Yaxşı, sual verə bilərsiniz ki, onların etimadını necə dorğutlmuşuq? Reklam agentliyinə üz tutanlar satışlarını, gəlirlərini artırmaq istəyir. Buna görə, biz öz qazancımızdan əvvəl onun qazancını düşünürük. Bunu sözdə yox, əməldə isbat edirik. El dili ilə desək, müştərini razı salırıq ki, təkrar-təkrar qapımızı döysün. Vacib məsələlərdən biri də budur ki, bizim müştərilərə təklif edəcəyimiz bir neçə alət və ya xidmət var. Şirkətlər Müştərilərimiz bazara yaxşı bələddir və bilirlər ki, onlara lazım olan istənilən xidmət bizdə var.

- Pandemiya bu bazara necə təsir edir? Nə dəyişiklər olub?

- Ümumiyyətlə, nəinki pandemiya, ölkədə baş verən istənilən dəyişiklik ilk növbədə reklam bazarına təsir göstərir. Buna görə, istənilən iqtisadi proqnozdan biz əvvəlcədən xəbərdar oluruq. İstənilən krizis situasiyası medal kimidir və bu medalın iki tərəfi var: yaşanan dövr və yaşanandan sonrakı - psixoloji dövr. Bizdə artıq psixoloji dövr bitmək üzrədir. Bu, yaxın vaxtlarda reklam bazarında da özünü göstərəcək.

- İstənilən böhran zaman biznes sahibləri ilk olaraq reklam büdcəsini azaldır. Sizcə, bu düzgün addımdır?

- Kökündən yanlışdır! Təəssüf ki, bu da Azərbaycan bazarının özəlliklərindəndir. Azərbaycan bazarına oxşar bazarlarda da eyni vəziyyəti görmək olar. Amma inkişaf etmiş bazarlarda bir dənə də olsun belə bir misal yoxdur. Gəlin, bir anlıq fərz edək ki, böhran davam edir, siz isə bir biznes sahibisiniz. Təbii ki, siz də qazanc əldə etmək istəyirsiniz. Razılaşın ki, böhran vaxtı sizin həmişəkindən daha çox qazanca ehtiyacınız var. Böhran zamanı alıcılıq qüvvəsi xeyli aşağı düşür. Bazarda hər bir müştəri uğrunda qızğın mübarizə gedən zaman reklam xərclərini azaltmaq sizi uçuruma aparacaq. Düşünürəm ki, problemin kökü daha dərindədir. Sahibkarlarımızın əksəriyyətinin reklama yanaşması hələ də dəyişmir. Onlar reklama müəyyən dövrlərdə hansısa məqsədlər üçün istifadə olunan bir alət kimi baxır. Halbuki, reklam daimi bir strategiyadır.
Sahibkarlar dəyişmək istəyirmi? Son illərin tendensiyası göstərir ki, vəziyyət yaxşıya doğru dəyişir. Məncə PR və marketinq üzrə məsul şəxslər rəhbər şəxslərə daha çox təsir etməlidir ki, arzuolunan nəticəyə daha tez çataq.

- Yerli sahibkarlara reklam və PR sahəsində nə tövsiyə edərdiz?

- PR qığılcım yaradır, marketinq isə söndürülməsi mümkün olmayan bir alov! Razılaşın ki, qığılcım olmadan alov yarana bilməz. Siz dünyanın ən güclü piarını apara bilərsiniz, lakin sizi müştəri sabah səhər bir məhsul sifariş veribsə, əməkdaşlarınız isə 2 saat gecikmə ilə zəng edib deyirsə ki, biz 1 saat da yubanırıq, deməli, hər şey kəllə-mayallaq gedir. Heç kim deməyəcək ki, PR əla idi, marketinq və satış isə pis. Müştəri sadəcə sizdən imtina edəcək. Unutmaq olmaz ki, yaxşı PR yalnız bir dəfə müştərini keyfiyyətsiz məhsul almağa inandıra bilər. Lakin müştəri məhsulun keyfiyyətsiz olduğunu bilsə, vəssalam. İnkişaf etmiş ölkələrin praktikası göstərir ki, əgər hər kəs reklamdan danışırsa, deməli bu pis reklamdır, əgər hər kəs məhsuldan danışırsa, əsl reklam budur! Gördüyünüz kimi, hər şey bir-birinə bağlıdır.

- İllərdir bu biznesdəsiniz. Sizcə, bu sahə risklidir? Risk nədədir?

- Bütün sahələrdə olduğu kimi, bu sahənin də öz riskləri var. Ən böyük risk imiclə bağlıdır. İndiyədək müştərilərimiz bizi yalnız etibarlı tərəfdaş kimi tanıyıb və səbəblərini müsahibənin əvvəlində izah etdim. Amma məsələnin başqa bir tərəfi də var. Məsələ burasındadır ki, biz müştərinin satışlarını artırmağa dəstək oluruq. Başqa sözlə, reklam müştərini qapıyadək gətirir, lakin məhsulu satıb-satmayacağı artıq onun öz əlindədir. Bu, subyektiv bir səbəbdir. Müştəri hansısa reklamdan sonra satışlarda ciddi artım görməsə, hərtərəfli araşdırma aparmalıdır. "Reklama filan qədər xərclədik, amma satışlar artmadı" deməklə kifayətlənmək olmaz. Səbəbi tapıb, problemi kökündən həll etmək lazımdır.

- “QR kod” adlı yeni məhsulu təqdim etmisiniz. Bu məhsul sizə və müştərilərinizə nə verdi?

- Biz istənilən məhsulumuzu müştərilərimizin və onların müştərilərinin rahatlığı üçün buraxırıq. Məhsul sırf televiziya reklamı üçün nəzərdə tutulub. Günü-gündən rəqəmsallaşan dünyada “QR kod” sistemi özünü doğrultdu və onun istifadəçilərinin sayı artmaqdadır. Bu tendensiyanı nəzərə alıb, bu məhsulu yaratdıq. Məsələn, televiziya verilişi zamanı ekrana çıxan “QR kodu” skan etsəniz, bir çox əməliyyatları sürətləndirə və rahatlaşdıra bilirsiz. TV-də "QR kod"u görən tamaşaçı kodu skan etməklə link vasitəsilə müştərinin saytına, sosial şəbəkə hesablarına, Google Play Market, Apple Store-dakı tətbiqlərinə və ya geniş videoməlumat üçün hər hansı bir video platformasına keçid edə biləcək. Bununla da həmin reklam kampaniyası haqqında geniş və rahat informasiya almaq imkanı əldə edəcək. Bir müddətdir bu məhsulu test etdik və çox yaxşı nəticələr əldə etdik. Düşünürəm ki, bu məhsula tələbat xeyli artacaq.


TV reklamlarının rəqəmsallaşması qaçılmazdır. Bu gün QR reklam yerləşdirən müştəri həm TV-də ənnəvi bant reklamı kimi böyük kütləyə xitab etmək imkanı, həm də reklamının effektivliyini rahatlıqla ölçmək imkanı əldə edəcək. Bu xidmətimiz haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola və ya QR kodu skan edə bilərsiz.

My Webpage

Fins.az

Bizi Telegram-da izləyin: t.me/indexaz