Image description

Bu ilin I rübündə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Rüb ərzində valyuta bazarında tarazlıq müşahidə edilib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilmişdir ki, bu da əsasən müşahidə edilən de-dollarlaşma meyilləri ilə izah edilir.

Bu ilin ilk 3 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri ötən ilni eyni dövrünə nisbətən 24,5 % azalaraq 5,9 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,6 %-i ABŞ dollarında, 14,4 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 30,6 %-i banklararası valyuta bazarında, 69,4 %-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Yanvar-mart BVB-də əməliyyatların 99,5 %-i ABŞ dollarında, 0,5 %-i avroda aparılıb. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının dəyəri 4,1 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 79,4 %-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

Hesabat dövründə BDVB-də valyuta əməliyyatlarının 95,2 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri illik müqayisədə 2 dəfə azalaraq 1,1 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 979 milyon ABŞ dollarını və yaxud 89 %-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən yanvar ayına təsadüf edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz