Image description

“EKOL Mühəndislik Xidmətləri” QSC 2020-ci ili 1,165 milyon manat xalis mənfəətlə başa vurub.

İndex.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 0,4% çoxdur.

Ötən il “EKOL Mühəndislik Xidmətləri”nin əməliyyat gəlirləri 21,846 milyon manat (əvvəlki ilə nisbətən 20,5% çox), əməliyyat xərcləri isə 21,614 milyon manat (22,3% çox), o cümlədən subpodratçıların göstərdiyi xidmətlərin dəyəri 211 min manat (56,5% az), əmək haqqı və məcburi dövlət sosial sığorta xərcləri 13,244 milyon manat (25,4% çox), istifadə etdiyi xammal və materialların dəyəri 2,962 milyon manat (63,8% çox), köhnəlmə və amortizasiya xərcləri 1,807 milyon manat (10,9% çox), faiz xərcləri 911 min manat (7,3% çox), kommunal xərcləri 429 min manat (13,3% az) icarə xərcləri 42 min manat (32,3% az), sair xərcləri 2,008 milyon manat (18,3% çox) təşkil edib.

Bundan başqa, şirkətin 122 min manat sair gəlirləri (1 il bundan əvvəl zərər olub), 1,194 milyon manat isə birgə müəssisənin maliyyə nəticələrində pay hesabına gəlirləri (19,3% çox) təşkil edib. Qurumun mənfəət vergisi ödəmələri isə illiik müqayisədə 47,9% çox - 383 min manat olub.

Bu il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 44,678 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 99,3% və yaxud təxminən 2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,3 dəfə artaraq 31,15 milyon manata, balans kapitalı isə 4,3% artaraq 13,528 milyon manata çatıb.

Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz