Image description

Futbolçuların saat sevgisi heç kimə sirr deyil.

Apasport.az saytının məlumatına görə, dünya futbolunun ulduzları bahalı saatlar taxmaqda da sanki rəqabət aparırlar.



Saat kolleksiyaçısı
Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo bir neçə il əvvəl “Jacob& Co Caviar Tourbillon”unu nümayiş etdirib. Bu saatın qiyməti 2 milyon avroya yaxındır. Üzərində 424 brilyantın olması da xüsusi gözəllik qatır. Bunadək Ronaldo 100 mindən baha saat almazdı. Amma son illərdə zinət əşyalarına sevgisi artan ulduz 1 milyona “Rolex Daytona”, ardınca isə 370 minlik “Rolex GMT Master Ice” də alıb.



Özəl saat sahibi
“Real”ın baş məşqçisi Zinəddin Zidan uzun illərdir “İWC” brendinə sadiqliyi ilə seçilir. Fransalı 12 il öncə cəmi 1000 ədəd istehsal olunan “İngenieur Automatic Edition Zinedine Zidane” əldə edib. Bu, məhz onun istedadı şərəfinə adlanan saatlar olub. Həmin saatlarda futbolçu Zidanın daşıdığı 10 nömrəyə görə 10 rəqəmi xüsusi fərqləndirilib. Ulduz sonradan çəhrayı qızıldan olan “İWC Portugieser Yacht Club Chronograph” və “Portugieser Tourbillon Mystere”ə də sahibdir.



Saatlarının sayını itirən əfsanə
David Bekhemin həmişə brendə üstünlük verməsi heç kimə təəccüblü deyil. 20 il öncə “Jacob & Co”ya məxsus “Five Time Zone” daşıyan ulduz sonradan “Audemars Piguet Royal Oak Offshore” alıb. Əfsanənin kolleksiyasında “Rolex” istehsalı olan sarı qızıldan hazırlanmış “Submariner Date”, iki ədəd “Yacht-Master II” və ən sevimli saatı “Rolex Sea Dweller” də yer alıb. Bundan başqa “Transocean Chronograph Unitime”, “Tudor Black Bay Chrono S & G” kimi saatları da olan ingiltərəlini ən bahalı seçimi “Patek Philippe Grand Complications Celestial”dır. Bunun dəyəri 250 min dollardır.

Ulduzların saat sevgisi – kimdə daha bahalıdır?


Eyni saatdan 15 dənə alan ulduz
Braziliya millisinin və PSJ-nin ulduzu Neymar isə dəyişkənliyi ilə seçilir. “Casio G-Shock”un “GR 8900A 7ER” və “G 7900A 4ER” modellərini daşıyan cənubi amerikalı “Barselona”ya keçəndən sonra “Hublot”a üstünlük verərək cəmi 500 ədəd istehsal olunan “Power Foudroyante” alıb. Sonradan yarım milyon dollara “Richard Mille” əldə edən Neymar 15 ədəd “GaGà Milano” almağı lazım bilib. Sonradan “GaGà Milano”nun səfirinə çevrilməsi sayəsində bu saatın yeni modellərində NJR hərfləri də yerləşdirilib.



“Real”ın fransalı ulduzu Kərim Benzema nəyi almalı olduğunu gözəl bilir. Hücumçu 250 min dollara ağ qızıldan olan “Rolex Daytona” alıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz