Image description

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% az sənaye məhsulu istehsal edib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,5% artıb.

Sənaye məhsulunun 62,9%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, maşın və avadanlıqların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə, tütün məmulatlarının istehsalı 98,7%, elektrik avadanlıqlarının istehsalı 65,2%, kağız və karton istehsalı 34,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 33,3 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 30,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,0%, tikinti materiallarının istehsalı 22,5%, geyim istehsalı 19 %, qida məhsullarının istehsalı 6,9% artmış, neft məhsullarının istehsalı 1,4 %, hazır metal məmulatlarının istehsalı 9,3%, içkilərin istehsalı 9,9 %, kimya sənayesi məhsullarının istehsalı 13,4%, mebel istehsalı 34,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,1%, poliqrafiya məhsullarının istehsalı 56,2%, sair nəqliyyat vasitələrinin istehsalı 99,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2% artıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz