Image description

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda pensiya və pensiyaçılarla bağlı daha bir statistik icmal hazırlayıb.

İqtisadçının sözlərinə görə, təxminən son 10 ildə (2011-2020-ci illər) ölkə üzrə pensiyaçıların ümumi sayı 1.7% (22 min nəfər) azalıb: “Amma bu statistika ölkənin bölgələri üzrə çox fərqli dəyişib. Məsələn, Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzrə 7% artım qeydə alınıb. Qobustanda 19%, Ucarda 18%, Qusarda 16% azalma olub.

Pensiyaçıların sayındakı eniş yaşa görə pensiyaçıların sayındakı azalma nəticəsində baş verib – yəni son 10 ildə pensiya yaşının 4 ilə yaxın artırılması nəticəsində. Yaşa görə pensiyaçıların sayı ölkə üzrə 11% azalıb. Bölgələr üzrə dinamika belədir: Bakı şəhəri üzrə 8%, Abşeron üzrə 7%-ə yaxın artıb. Lakin Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Qusar, Quba, Yevlax, Ağdaş və Zərdab kimi rayonlar üzrə 20-32% intervalında azalma qeydə alınıb”.

O qeyd edib ki, 2011-2020-ci illərdə əlilliyə görə pensiya alanların sayı ölkə üzrə 18% artıb: “Bu statistikada demək olar bütün bölgələr üzrə artım var. Ən çox artım Ağsu (66%), Saatlı və Abşeron (44%), Zərdab (43%), Şirvan (38%), Göygöl (34%), Yardımlı (31%), Ağcabədi və Beyləqan (26%) kimi bölgələrdə olub. Ən az artım isə Salyan (1,8%), Naxçıvan MR (2.2%), Quba və Neftçala (4%), Göyçay, Ucar və Balakən (5%), Lerik, Lənkəran və Bərdə (6-7%) İsmayıllı və Qobustan (9%) və s. ərazilərdə olub.

Bu statistika içərisində diqqətimi çəkən ən vacib hissə ailə başçısını itirməyə görə pensiya alanların sayının bəzi bölgələrdə həddən artıq yüksək artım göstərməsidir. Ölkə üzrə artım 6% olub. Lakin Abşeron rayonu üzrə 65%, Göygöl və Kürdəmir üzrə 40%, Salyan və Cəlilabad üzrə 20-24% intervalında artım, Goranboyda 65%, Ağsuda 40%, Ucarda 25%, Balakəndə 20% azalma qeydə alınıb.

2020-ci ilin nəticələrinə görə, ölkə əhalisinin 12.7%-i pensiya alıb. Bu göstərici Mingəçevirdə 17,2% Bakı şəhəri üzrə 16.3%, Sumqayıt, Naftalan, Gədəbəy və Daşkəsəndə 15-16% intervalında, Gəncə və Qazaxda 14%-ə yaxın, Xızıda 8.8%, Qubada və Hacıqabulda 9- 9,5% intervalındadır. Digər rayonlar üzrə 10-13% aralığında dəyişir.

2011-ci ildə bütün pensiyaçıların 26%-i Bakının payına düşürdü. Hazırda 29%-dən bir qədər çoxu Bakının hesabınadır”.




©Banker