Image description

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I rübünü 122 min manat xalis zərərlə başa vurub.

İndex.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 81,4% və yaxud 5,4 dəfə azdır.

Yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”nın gəlirləri 9,095 milyon manat (illik müqayisədə 14,9% az), xərcləri 7,273 milyon manat (3,2% çox), xüsusi ehtiyatlara ayırmaları 1,835 milyon manat (2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 109 min manat (2,3 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”nın aktivləri 323,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,5% azdır. Bunun 108,615 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,6% kiçilib.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”nın öhdəlikləri 15,3% azalaraq 241,702 milyon manata, o cümlədən depozit portfeli 15,6% azalaraq 221,902 milyon manata düşüb, balans kapitalı isə 2% artaraq 81,965 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.



©Report