Image description

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1 milyard 118 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur.

İndex.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalarına görə, cari ilin I rübündə Azərbaycandan Türkiyəyə ixracın həcmi 739 milyon 386 min dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. İdxalın həcmi isə 378 milyon 886 min dollara bərabər olub, bu göstərici illik müqayisədə 2,8% azalıb.

Nəticədə, 2021-ci ilin I rübündə 360,5 milyon dollarlıq müsbət saldo yaranıb. Halbuki ötən ilin analoji dövründə 39 milyon 198 min dollarlıq mənfi saldo yaranmışdı.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4 milyard 161 milyon dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətindədir.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 585 milyon 216 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2% artıb.

Hesabat dövründə ixracın həcmi 135 milyon 331 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,5% azdır. İdxal isə 449 milyon 885 min dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.

Nəticədə, 2021-ci ilin I rübündə 314 milyon 554 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 7,2% artıb.