Image description

Rusiyanın Türkiyə və Tanzaniyaya müntəzəm uçuşları dayandırması turizm sənayesi, həmçinin artıq turpaket almış yarım milyon rusiyalı üçün şok effekti yaradıb.


Index.az xəbər verir ki, 15 aprel - 1 iyun tarixlərində Rusiya Türkiyə və Tanzaniyaya müntəzəm və çarter uçuşlarını dayandıracaq. Moskva-İstanbul və İstanbul-Moskva marşrutu üzrə həftədə iki uçuş və Rusiya vətəndaşlarının geri dönməsi üçün uçuşlar istisna olacaq.

Rusiya Tur Operatorları Birliyinin (ATOR) verdiyi məlumata görə, artıq 500 mindən çox insan qadağanın tətbiq olunacağı 15 aprel-1 iyun tarixləri üçün turpaketlər alıb. Bu isə ümumilikdə 35 milyard rubl vəsait deməkdir. Bu məbləğə otel və uçuşları özləri sifariş edən müstəqil turistlərin xərcləri daxil deyil.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qadağanın müstəsna olaraq epidemioloji xarakter daşıdığını və Türkiyədə yoluxma tempinin artması ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə 12 apreldən etibarən epidemioloji vəziyyətin kəskinləşməsi səbəbindən ölkədə yeni məhdudiyyətlər tətbiq edilir.


©Qafqazinfo