Image description

Asiyanın ən iri texnologiya şirkətlərindən olan Samsung Electronics Co. bugün 2021-ci ilin birinci rübünə dair bəzi göstəriciləri açıqlayıb.

İndex.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 17%, xalis mənfəət isə 44% artıb. Ən çox vəsait smartfonlar və yüksək texnologiyalı televizorların satışından daxil olub.

Samsungun cari ilin yanvar-mart aylarındakı əməliyyat mənfəəti 9,3 trilyon Vona (8,32 milyard dollara) çatıb. Şirkət daha ətraflı məlumatı bu ay ərzində açıqlayacağını bildirib. İlkin məlumatların bəyan edilməsi Samsungun Cənubi Koreyanın KOSPI birjasındakı səhmlərinə qismən təsir göstərib: Daha öncə 0,2% artan səhmlər günün sonuna 0,4% ucuzlaşıb.

Samsungun yeni flaqmanı olan Galaxy S21 smartfonlarının yanvarda satışa buraxılmasından bəri qlobal mobil telefon istehsalçısının təkcə bu seqmentdəki mənfəəti 4,15 trilyon Von (3,72 milyard dollar) təşkil edib. Bu modelin Galaxy S20 ilə müqayisədə texnoloji baxımdan daha təkmil, qiymətinin isə aşağı olması qlobal tələbatı kifayət qədər artırıb.


Şirkətin çip istehsalı və satışı bölməsi təchizat zəncirindəki müəyyən problemlər ucbatından 20% daha az – 3,6 trilyon Vona (3,225 milyard dollar) qədər mənfəət təmin edə bilib. Televizorlar və məişət texnikasının satışından əldə olunan mənfəət isə ikiqat artaraq, 1 trilyon Vona (896 milyon dollar) çatıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz