Image description

Azərbaycanda nəqliyyat kartlarının onlayn qaydada artırılması, ictimai nəqliyyatda gediş haqlarının nağdsız qaydada ödənilməsini təmin edən mobil tətbiqlərin hazırlanması, avtomobillərin parklanma haqlarının nağdsız qaydada ödənilmə imkanının yaradılması, eləcə də parklanmaya görə ödənişləri rəqəmsal formada aparılması məqsədilə müvafiq qurumlara infrastrukturun təşkil edilməsi ilə bağlı tapşırıqlar verilib.

İndex.az xəbər verir ki, bunu “Baku Transit Forum 2021 Smart City” tədbirində çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu tapşırıqlar əsasən icra olunub və yaxın vaxtlarda görülən işlər müsbət nəticələrini verəcək: “Burada həmçinin müxtəlif növ digər ödəniş xidmətlərinin tətbiqi də gözlənilir. Məsələn, smart cihazlar vasitəsilə ödənişlərin aparılması, QR-kodla və hətta üztanıma texnologiyalarının tətbiqi. Azərbaycanda nağdsız ödənişlərin nəqliyyatda genişləndirilməsi üçün mümkün olan tədbirlər həyata keçirilir. Burada ilk növbədə, qanunvericilik əsasını qeyd etmək lazımdır. Belə ki, qabaqcıl təcrübə əsasında ödəniş kartlarının emissiyası və istifadə qaydalarının, ödəniş kartları bazarında innovativ ödəniş növlərinin tətbiqinin genişləndirilməsi ilə elektron ödənişlərdə istehlakçıların hüquqlarının daha da genişləndirilməsinə fokuslanan bir sıra dəyişikliklər nəzərdə tutulur”.

Mərkəzinin icraçı direktoru onu da vurğulayıb ki, ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarında, ilk növbədə, təmassız ödənişlərin dəstəklənməsi məqsədilə tətbiq olunan innovativ həllərin, o cümlədən tokenizasiya xidmətlərinin istifadəsi qeyd olunur.

“Burada həmçinin emitentin kart sahibi ilə bağladığı müqavilənin imzalanmasından əvvəl ödəniş kartlarının istifadəsi və təhlükəsizlik qaydaları, tətbiq edilən xidmət haqları və mübadilə məzənnəsi haqqında məlumatlandırılması, o cümlədən kart sahiblərinin 24/7 rejimində qəbul edilməsini də qeyd etmək lazımdır. Bundan başqa, qaydalarda biometrik identifikasiya vasitələrindən və digər üsullardan istifadə etməklə kart istifadəçilərinin eyniləşdirilməsi, əvvəlcədən ödənilmiş kartlar üzrə yeni limitlərin təmin edilməsi və təsərrüfat subyektlərində təmassız ödəniş üzrə pin kod tələb etməsən aparılan əməliyyatların həcminin artırılması da əks olunub”, - deyə V. Qasımlı qeyd edib.