Image description

ABŞ Ali Məhkəməsi dünən texnologiya nəhəngləri Google və Oracle arasında 10 ildən çox davam edən hüquqi çəkişməyə son qoyub. Index.az xəbər verir ki, məhkəmə Oracle-ın Google-a qarşı qaldırdığı müəllif hüquqlarının və rəqabət qaydalarının pozulmasına görə 9 milyard dollar təzminat iddiasını təmin etməyib.


Hər iki şirkət bulud texnologiyaları sahəsində bazarda xüsusi paya malikdir və aralarında amansız rəqabət gedir. Google illərdir ki, Apple ilə texnologiya yarışında arxada qalmamaq məqsədilə özünün Android əməliyyat sisteminin tətbiqi proqram interfeysinə (API) Java proqramlaşdırma kodlarını daxil edir. Bu isə Java dili əsasında hazırlanmış bir sıra tətbiqi proqramların asanlıqla Android sistemində yerləşdirilməsinə imkan verirdi.

ABŞ-ın və dünyanın ən böyük proqram təminatçılarından biri Oracle Korporasiyası 2009-cu ildə Java proqramlaşdırma dilinin sahibi Sun Microsystems-i aldıqdan sonra Google-dan bu tətbiqi proqramın imkanlarından istifadəyə görə ödəniş tələb etmişdir. Google isə Java kodlarından tam ədalətli şəkildə və yalnız məhdud çərçivədə istifadə etdiyini əsas gətirərək, əlavə ödəniş etməkdən boyun qaçırır. Nəticədə iki nəhəng arasında illərdir davam edən çəkişmə ABŞ Ali Məhkəməsinin bazarda balansı saxlamaq məqsədilə verdiyi qərarla yekunlaşıb.

Oracle-ın həmtəsisçisi, sədri və baş texnologiya direktoru Larry Ellison məhkəmənin qərarını şərh edərək, hələ 2018-ci ildə dediyi sözləri xatırladıb: “Biz Google-la əməkdaşlıq etmirik, çünki biz onunla rəqabət aparırıq”.

Google cavabında Oracle-ın maliyyə proqram təminatından istifadəni və buna görə etdiyi ödənişi dayandırdığını və növbəti həftələrdən SAP maliyyə proqramına keçəcəyini bəyan edib. Xəbərin ardınca Oracle-ın səhmləri cüzi ucuzlaşıb, SAP-ın səhmləri isə əksinə, 4,8% dəyər qazanıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz