“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Lənkəran” yedək-təchizat gəmisi Xəzər dənizinin “Abşeron” yatağının ətrafında dəniz dibinin ekoloji şəraitinin qiymətləndirilməsi layihəsində iştirak edib.
İndex.az ASCO-ya istinadən xəbər verir ki, bu ilin noyabrın 23-dən dekabrın 22-dək mütəmadi olaraq Dinamik Mövqe Saxlama (DP – Dinamic Position) rejimində fəaliyyət göstərən gəmi əvvəlcədən müəyyən edilmiş 85 koordinatda 20-60 metr dərinlikdən dəniz dibinin çökmə süxurları və su nümunələrini toplayıb.
Məlumatda deyilir ki, gəminin göyərtəsində quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə əldə edilən nümunələr tədqiq olunması üçün müvafiq laboratoriyalara göndərilib.
“Greenwich Consulting Azerbaijan”nın sifarişi ilə aparılan tədqiqatların nəticələri gələcəkdə Xəzər dənizində sualtı neft-qaz infrastrukturunun inşasından əvvəl ekoloji şəraitin qiymətləndirilməsinə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, DP gəmi mövqeyi və istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.