Qeyri-neft sektorunda məhsul istehsalı 16% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 27,5 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çox sənaye məhsulu istehsal edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə sənayenin neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalıb, qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 16,4% artıb.

Sənaye məhsulunun 62,7 %-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3% azalıb, əmtəəlik qaz hasilatı isə 11,1% artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7%, tütün məmulatlarının istehsalı 62,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4%, tikinti materiallarının istehsalı 46,7%, elektrik avadanlıqlarının istehsalı 46,7%, kağız və karton istehsalı 31,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5%, hazır metal məmulatlarının istehsalı 10 %, neft məhsullarının istehsalı 8,5%, qida məhsullarının istehsalı 6,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 %, maşın və avadanlıqların istehsalı 4,8%, içki istehsalı 1,8%, geyim istehsalı 1,2% artıb, kimya sənayesi məhsullarının istehsalı 3,7%, mebel istehsalı 17,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8%, poliqrafiya məhsullarının istehsalı 50,6%, sair nəqliyyat vasitələrinin istehsalı 71,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7% artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan