Image description

Dünya Bankı tərəfindən 2010-cu ilin may ayında təsdiqlənən "Üçüncü magistral yol layihəsi" başa çatıb.

"İndex"in Dünya Bankına istinadən verdiyi məlumata görə, sözügedən layihənin məqsədi Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinin göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarəetməsini yaxşılaşdırmaq idi. Bank Azərbaycana 2010-cu ilin mayında 241,6 mln. dollarlıq krediti təsdiq etmişdi ki, layihənin bağlandığı tarixə (31 mart 2021-ci il) məbləğin 97,4%-i (235,29 mln. dollar) ölkə tərəfindən mənimsənib.

Qeyd edək ki, Dünya Bankı bu layihə ilə bağlı 2016-cı ilin mart ayında əlavə olaraq 140 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib ("Üçüncü magistral yol layihəsinin əlavə maliyyələşdirməsi") və bu məbləğin 75 mln. dolları artıq ölkə tərəfində mənimsənilib. Beləliklə, bankın sözügedən layihələr üzrə öhdəlikləri 381,6 mln. dollar təşkil edib və məbləğin 311,29 mln. dolları artıq Azərbaycana ödənilib.

Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihədən 9 layihəyə endi və 738,3 mln. dollar təşkil etdi. Qalan 62 layihə artıq yekunlaşıb və onlar üzrə bank Azərbaycana 3,4 mlrd. dollar ayırıb. Bundan əlavə, Dünya Bankının indiyədək ölkədə 12 layihəsi təsdiqlənməyərək dayandırılıb. Sözügedən layihələr üzrə bank tərəfindən ölkəyə 1,06 mlrd. dollar vəsaitin ayrılması nəzər tutulurdu. Bu layihələrin çoxu su infrastrukturu, sanitariya, tullantıların idarə olunması sahələrində olub (4 layihə) və bank tərəfindən 100,5 mln. dollar ayrılacağı gözlənilirdi.

Növbəti kateqoriya – təsdiqlənməyən layihələrdir. Hazırda ölkədə dörd belə layihə mövcuddur ki, onların hamısı hazırlıq mərhələsindədir. Bunlar 95 mln. dollarlıq "Azerbaijan COVID-19 Emergency Response Project" layihəsi (layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir), bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 71 layihə üzrə 4,15 mlrd. ABŞ dolları məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.