HƏMAS: “Hava yardımı dayandırılsın!”

İsrailin blokadası səbəbindən Qəzza zolağına edilən hava-desant yardımlarında mülki vətəndaş itkiləri davam edir.

İndex.az xəbər verir ki, Qəzza zolağının şimalına havadan yardım əməliyyatı zamanı paraşütün açılmaması və yardım paletinin anbara düşməsi nəticəsində daha iki nəfər həyatını itirib.

HƏMAS hava yardımı əməliyyatları nəticəsində baş verən qəzalarda mülki şəxslərin həlak olması səbəbindən bu əməliyyatların dayandırılmasını tələb edib. Qəzzadakı Hökumət Media Ofisinin rəhbəri Salama Marouf verdiyi açıqlamada deyib:

“Bir daha bildiririk ki, havadan yardım vətəndaşların həyatı üçün real təhlükə yaradır və Qəzzanın şimalını əhatə edən ərzaq böhranını yüngülləşdirmək üçün real həll yolu təqdim etmir”.

Maruf qida qıtlığının ən ağır olduğu Qəzzanın şimalına humanitar yardım çatdırmaq üçün quru keçidlərinin yenidən açılmasını istəyib. Qəzza zolağına hava yardımı zamanı baş verən qəzalarda indiyədək 21 nəfər həyatını itirib.