
Azərbaycanda 2025-ci təsərrüfat ilində fındıq bağlarının dövlət dəstəyi ilə aqrar sığortası davam edir.
İndex.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50 %-inin dövlət tərəfindən qarşılanmasıdır. Belə ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir.
Nəticədə fermerlər hesablanmış sığorta haqqının yalnız 50%-ni ödəyərək təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər.
Aqrar sığortanın əhatə etdiyi 41 bitki növündən biri də fındıq bağlarıdır. Ölkənin müxtəlif ərazilərində fındıq əkən fermerlər aqrar sığorta vasitəsilə bağlarını sığorta etdirə bilərlər.
Fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində əkilən bitkidir.
Statistikaya əsasən, hazırda Azərbaycanda 80 601 hektar fındıq bağı mövcuddur. Bu sahələrin təxminən 57 min hektarı artıq məhsul verir. Ölkədə bir hektar fındıq bağının məhsuldarlığı orta hesabla 12,7 sentnerdir.
Azərbaycanda fındıq sahələrinin təxminən 96%-i ölkənin iki regionunda – Şəki-Zaqatala (57 min hektar) və Quba-Xaçmaz (20 min hektar) iqtisadi zonalarında yerləşir.
Ən böyük fındıq bağları sahəsi Zaqatala rayonundadır – 20,2 min hektar. Xaçmaz rayonunda 11,7 min hektar, Balakən və Qax rayonlarında isə 10 min hektar fındıq bağı mövcuddur.
Fındıq bağlarının aktiv əkildiyi rayonlar arasında Qəbələ (7,1 min hektar), Qusar (6,5 min hektar), Şəki və Oğuz (hər biri 4,4 min hektar) rayonlarını qeyd etmək olar.
Fındıq bağlarının sahəsi sürətlə genişlənməkdədir – təkcə 2024-cü il ərzində 346 hektar yeni bağ salınıb.
Fındıq həm də Azərbaycanın ixrac etdiyi əsas məhsullardan biridir. 2023-cü ildə ölkəmiz xaricə ümumi dəyəri 4 milyon 970 min dollar olan 830 ton fındıq ixrac edib. 2024-cü ildə isə Azərbaycandan xaric bazarlara ümumi dəyəri 8 milyon 33 min dollar olan 1 218 ton fındıq ixrac olunub.
Aqrar sığorta mexanizmi fındıq bağlarını dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və s. kimi risklərdən qoruyur.
Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir və olduqca aşağıdır. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir.
Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir.