TANAP ilə Türkiyəyə 3,2 mlrd kubmetrdən çox qaz nəql olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə təqribən 5,2 milyard kubmetr təbii qaz ixrac edilib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarında deyilir.


Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetrdən çox qaz nəql olunub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan