Image description

Azərbaycanda sürücülərin 85%-dən çoxu yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətindən narazıdır.

 

Bu nəticələr Media Təhlil Mərkəzinin (MTM) 2021-ci il yanvarın 6-11-də keçirdiyi sorğu əsasında əldə edilib.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 85,2%-i satılan yanacağın keyfiyyətindən narazı, 14,8%-i isə razıdır.

 

“Hansı yanacaq növündən istifadə edirsiniz” sualına respondentlərin 65%-i AI -92, 18,5%-i AI-95 markalı benzindən, 13,4%-i dizel yanacağından istifadə etdiyini bildirib. AI-98 markalı benzindən cəmi 2,4%, maye qazdan isə 0,4% respondent istifadə edir.

 

Sorğuda iştirak edənlərin 43,9%-i aylıq yanacaq xərclərinin 100-200 manat, 25%-i 100 manat, 21,1%-i 200 manatdan 300 manatadək, 10%-i 300 manatdan çox olduğunu deyib.

 

Sorğuda 725 respondent iştirak edib, onların 86,8%-i kişilər, 13,2%-i qadınlar olub.

 

Qeyd edək ki, hazırda Azərbaycanda yalnız AI-92 markalı benzin və dizel yanacağı istehsal olunur. AI-95 və AI-98 markalı benzin isə ölkəyə idxal edilir.

 

AI-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının qərarına əsasən 2021-ci il yanvarın 5-dən etibarən AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Daha əvvəl AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,9 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 0,6 manat idi.

 

2020-ci ilin yekunları üzrə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 2 milyard 40,8 milyon manat (cari məzənnə ilə $1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.