Bu il dövlət xətti ilə 3445 ailə ipoteka krediti alıb

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən 3445 ailəyə 230,5 mln. manat məbləğində ipoteka krediti verilib.

İndex.az Fonda istinadən xəbər verir ki, verilən kreditlərin 153,6 mln. manatı adi ipoteka kreditlərinin (2040 ədəd), 76,8 mln. manatı isə güzəştli ipoteka kreditlərinin (1405 ədəd) payına düşüb.

Ümumilikdə, 2006-cı ildən bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 882 mln. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 35112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsini (12150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.

Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-dək hissəsini özəl sektorda çalışanlar təşkil edib.

İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.

Ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan