Deputat: “Turizm neftdən sonra ən çox valyuta gətirir”

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi: “Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”.

Deputat qeyd edib ki, 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır: “Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39,2% artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan – 2,4 dəfə, Qazaxıstandan – 2,4 dəfə, Bəhreyndən – 2,1 dəfə, Səudiyyə Ərəbistanından – 2,0 dəfə, Qırğızıstandan – 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7%-i Rusiya, 19,3%-i Türkiyə, 10,3%-i İran vətəndaşlarıdır”.

V.Bayramovun fikrincə, digər diqqəti çəkən digər məqam Hindistandan gələnlərin sayındakı artımdır: “Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2%-i Hindistan vətəndaşları olublar. Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempini qorunub saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31 % artıb”.