
ABŞ-ən nüfuzlu “People” nəşri Demi Muru 2025-ci ilin ən gözəl insanı elan edib.
İndex.az snob.ru saytına istinadən xəbər verir ki, 62 yaşlı aktrisa oxucu səsverməsinin nəticələrinə görə qalib gəlib və onun şəkli jurnalın may nömrəsinin üz qabığında yerləşdirilib.
Nəşrin rəsmi saytında dərc olunan eksklüziv müsahibədə Demi Mur “Substansiya” psixoloji dəhşət filmi haqqında fikirlərini bölüşüb. Bu rol ona “Qızıl Qlobus” və ABŞ Kino Aktyorları Gildiyası mükafatı da daxil olmaqla nüfuzlu mükafatlar, həmçinin “Oskar” və BAFTA-da nominasiyalar qazandırıb.
Aktrisa həmçinin Amerikanın müxtəlif ştatlarından olan kino tənqidçiləri assosiasiyalarından çoxsaylı mükafatlar alıb.
Səs-küylü filmdə Mur aerobika proqramının yaşlanan aparıcısını oynayıb, hansı ki, rəhbərlik onu daha gənc aparıcı ilə əvəz etmək qərarına gəlir. Aktrisa deyir ki, “Substansiya” bir çox tamaşaçıya təsir edib. Çünki hər bir insan özünütənqid, ətrafdakıların mühakiməsi və özünü başqaları ilə müqayisə etməkdən yaranan məyusluqla üzləşir.
Demi Mur etiraf edib ki, 62 yaşında özünü gəncliyindən daha yaxşı hiss edir və bədənini olduğu kimi tam qəbul edir.