Britaniya miqrantlar Avropaya keçməsin deyə Türkiyəyə milyonlarla pul axıdıb

Türkiyədə prezident seçkilərində müzakirələrə səbəb olan qeyri-qanuni mühacir problemi İngiltərə mətbuatında yeni ortaya çıxan məlumatlarla gündəm olub.

İndex.az xəbər verir ki, “The Guardian” qəzeti miqrantların Avropaya keçməsinin qarşısını almaq üçün Britaniya hökumətinin keçən il Türkiyəyə 3 milyon funt sterlinq ödədiyini açıqlayıb.

Hökumətin məlumat azadlığı tələbi çərçivəsində açıqladığı məlumatlara görə, İngiltərə Daxili İşlər Nazirliyi Türkiyədəki qeyri-qanuni immiqrantların Avropaya keçməsinin qarşısını almaq üçün “pul kisəsini” açıb.

Xəbərdə bu məbləğin 2019-cu ildə 14 min sterlin olduğu və sürətlə artdığı qeyd edilib. Bildirilib ki, İngiltərə maliyyə dəstəyi ilə yanaşı, Türkiyəyə avadanlıq və polis təlimi dəstəyi də verib.

İngiltərə Daxili İşlər Nazirliyindəki mənbə qəzetə bildirib ki, Türkiyə son iki ildə Avropaya mühacir axınının qarşısının alınmasında çox mühüm ölkəyə çevrilib və hazırda strateji əhəmiyyətini daha da artırıb.