Bayram günlərində texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək

Bayramla əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək.

İndex.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq xidmət göstərəcək.

“Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.