Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib.
İndex.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir”, – o deyib.
Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub: “Günahkarlar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.