
Bu ilin birinci rübündə Avropa İttifaqında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azalıb.
İndex.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatında deyilir.
Bildirilib ki, Aİ ölkələrində qeydiyyata alınan yeni minik avtomobillərinin sayı keçən ilin yanvar-mart aylarında 2,769 milyon ədəd olduğu halda, bu ilin ilk 3 ayında 2,715 milyon təşkil edib.
O cümlədən Almaniyada satışlar 4,3%, İtaliyada 1,6%, Fransada 7,8% azalıb, İspaniyada isə 14,1% artım qeydə alınıb.
Ümumilikdə, Avropada (Aİ ölkələri üstəgəl İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya) satılan yeni avtomobillərin sayı 0,4% azalaraq 3,382 milyon təşkil edib. O cümlədən Böyük Britaniyada satışlar 6,4% artıb.
Eyni zamanda, Aİ-də elektromobillərin satışı birinci rübdə 23,9% artaraq 413 min ədədə çatıb.
“Volkswagen” qrupunun (“Skoda”, “Audi”, “Seat”, “Porsche” və s. daxil olmaqla) Aİ-də satışları 4,8%, “Renault” – 9,5% artdığı halda, “Stellantis” – 14% azalıb. Alman lüks avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG” satışlarında 0,4% artım göstərib. Onun əsas rəqibi “Mercedes-Benz”in satıçlarında isə 6,2% azalma nümayiş etdirib.
Yaponiyanın “Toyota Group” şirkətinin satışları 4,8%, Cənubi Koreyanın “Hyundai Group”unun satışları isə 7,2% azalıb.
ABŞ elektromobil istehsalçısı “Tesla” şirkəti isə yanvar-mart aylarında 36,167 min avtomobil satıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 45% azdır.
Martda Aİ-də avtomobil satışları 0,2% azalaraq 1,03 milyon ədəd təşkil edib. Bununla belə, elektromobillərin satışı 17,1% artaraq 157,505 min ədəd olub.