
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 1 milyard 177,406 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
İndex.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 270,4 milyon ABŞ dolları və yaxud 18,7 % azdır.
Bu ilin I rübündə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.