Aqrar sektorda blokçeyn texnologiyası tətbiq olunub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ölkədə ilk dəfə blokçeyn texnologiyası tətbiq edib.

İndex.az nazirliyə istinadən xəbər verir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Agentlik zəruri tədbirlər həyata keçirir.

Keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısını alınması məqsədilə Agentlik beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirir.

Bu texnologiyalardan biri də kənar müdaxilənin qeyri-mümkün olduğu, baş verən bütün proseslər üzrə izlənməni təmin edən blokçeyn texnologiyasıdır. Bu il ilk dəfə olaraq dünyanın qabaqcıl ölkələrində istifadə olunan bu yeni texnologiya ölkəmizdə də tətbiq edilib. Bu məqsədlə ilkin olaraq toxum partiyalarının etiketlənməsindən başlanılıb. AXA tərəfindən keyfiyyətinə nəzarət olunan və yoxlanılan toxum partiyalarındakı hər bir kisə ayrılıqda kodlaşdırılaraq etiketlənib, daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılıb. Fermer aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodu öz smartfonuna oxutdurmaqla, həmçinin “toxum.info.az” saytına daxil olub etiketdə olan nömrəni əlavə etməklə toxumun sertifikatlılığı haqqında ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, sual düyməsini sıxaraq nümunə forması ilə tanış olmaq olar.

Fermerlər bol və keyfiyyətli məhsul əldə etmək üçün aldığı toxumun keyfiyyəti haqqında məlumatı yoxlamağı unutmamalıdır.

“Toxumçuluq haqqında” qanuna görə, qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə daxil edilməsi qadağandır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT